Kaliforniya Universitetindən olan 80 yaşlı professor fizik Yer kürəsinə yaxın olan ulduzlara bir insan həyatı müddətində səyahət etməyin yolunu kəşf edib. Bu işdə elektrik cərəyanının təsiri ilə vibrasiya edən kiçik kristallar yardımçı olmalıdırlar. Onun MEGA adlı mühərrik kəşfi enerji qismində nüvə reaktorundan başqa heç bir digər enerji növünü tələb etmir. Nüvə reaktoru isə elektrik enerjisinin ifraz olunmasında lazımdır.
Nəzəri cəhətdən bu cür mühərrik işıq sürətinə yaxın sürət yığa bilər. Bu barədə Wired saytı xəbər verib. Yer kürəsini tərk etmiş hər bir kosmik aparat bu və ya digər yanacaq növü vasitəsilə hərəkət edib. Yanacaq yanan zaman qaz ifraz edilir və həmin qaz kosmik aparatı irəli doğru hərəkət etdirir. Bu cür üsul hətta Günəş sisteminə ən yaxın olan Alfa Sentavr ulduz sisteminə (4.36 işıq ili məsafəsində) ağıla batacaq müddət ərzində çatmağa yardımçı olmur.
İnsan tərəfindən yaradılmış ən sürətli kosmik aparat olan Parker planetlərin qravitasiyalarından istifadə edərək saatda 640.000 km sürət yığa bilib.
Lakin hətta bu cür kosmik aparat Alfa Sentavr ulduz sisteminə çatmaq üçün 1000 il vaxt sərf etməli olardı. Jim Woodward adlı professorun kəşfi olan MEGA (Mach-effect gravitational assist) adlı mühərrik isə tamamilə fərqli cür çalşır. Belə ki, sözügedən mühərrik standart yanacaq əvəzinə elektrik enerjisindən istifadə edir. Elektrik enerjisi isə kosmosda ya günəş panelləri ya da nüvə reaktoru vasitəsilə əldə olunur.
Elektrik cərəyanının təsiri altında enerji ehtiyatı yığan piezoelektrik kristallar (piezoelektrik effekti, müəyyən materialların tətbiq olunan mexaniki gərginliyə cavab olaraq elektrik yükü yaratmaq qabiliyyətidir) saniyədə 10.000 titrəyiş sürəti ilə vibrasiyalar yaradırlar. Müəyyən tezliklərdə vibrasiyaların sinxronlaşdırılması isə böyük olmayan kosmik aparatın irəli doğru hərəkətini təmin edir. Bu mühərrikin işi əsasən ətalət ilə kütlənin əlaqəsinə əsaslanır.
Obyektin enerjisi dəyişəndə zaman məkan materiyasının özü də həmin obyekt ətrafında dəyişir.
Başqa sözlə desək, əgər obyektin bir hissəsi (bu halda söhbət, piezoelektrik kristalların elementlərindən gedir) eyni anda öz enerjisi ilə kütləsini dəyişirsə, nəzəri cəhətdən obyekt sürətlənməyə başlayır. Bu cür kosmik gəmi çox ləng şəkildə sürət yığmağa başlayacaq. Lakin buna baxmayaraq o, müəyyən müddətdən sonra işıq sürətinə yaxın sürəti əldə edəcək. Nüvə reaktoru uzun illər ərzində mühərriki enerji ilə təmin edə bilər.
Buna görə də əgər MEGA adlı mühərrik həqiqətən də çalışırsa, insan Günəş sisteminə yaxın olan digər ulduz sistemlərinə öz həyatı ərzində çata bilər. Qeyd etmək lazımdır ki, bütün bunlar hələki nəzəriyyədir. Lakin bir neçə ay bundan öncə Jim Woodward öz həmkarı ilə birlikdə mühərrikdə bir sıra kiçik dəyişikliklər edib və MEGA mühərrikinin həqiqətən də çalışdığının sübutlarını əldə edib. Bundan əlavə olaraq professor bu mühərriki yoxlamaq üçün onu Yer kürəsinin orbitinə göndərməyi planlaşdırır.