Özünüz haqqında məlumat verin:
Fərid Məhyəddinov, orta məktəbi Şəki rayon Bideyiz kənd tam orta məktəbində bitirmişəm. Məktəb dövründə Respublika Fənn Olimpiadalarında 10-cu sinifdə ilk iki mərhələni, 11-ci sinifdə isə ilk üç mərhələni keçərək “Final” mərhələsində iştirak etmişəm. Məktəbi qırmızı fərqlənmə Atestatı ilə bitirmişəm və məktəb tərəfindən “Fərqlənmə” sertifikatı ilə mükafatlandırılmışam. 2018-ci ildə birinci qəbul imtahanında 654, ikinci qəbul imtahanında isə məktəb tarixində ən yüksək balı – 672 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) fakültəsi, Maliyyə ixtisasına qəbul olmuşam. Hal-hazırda 3-cü kurs tələbəsiyəm.
- Universitet həyatında əsas məşğuliyyətin dərs xarici nə olub?
Oxuduğum ixtisas ingiliscə tədris olunduğundan ilk kurslarda dərs xaric əsas məşğuliyyətim ingilis dilini daha dərindən öyrənmək olub. Bundan əlavə ixtisasımı daha dərindən öyrənmək üçün dərsdən əlavə başqa məlumatlar toplamağa çalışıram. Fərdi şəkildə Microsoft Excel və Adobe Photoshop öyrənmişəm və Microsoft Word, Microsoft PowerPoint üzrə biliklərimi daha da dərinləşdirmişəm.
- Hansı kurslarda iştirak etmisən?
İngilis dili məlumatlarımı daha da inkişaf etdirmək üçün müxtəlif dil kursları və söhbət klublarında iştirak etmişəm. Bundan əlavə ixtisasımla bağlı ACCA Financial Accounting – F3 və ACCA Financial Reporting – F7 kurslarını bitirib, imtahanlardan müvafiq olaraq 72% və 76% nəticələrlə uğurla keçib beynəlxalq sertifikatlarını əldə etmişəm.
- Əsas motivasiya mənbəyin nə (kim) olub?
Daim müxtəlif nailiyyətlər əldə etməyə və özümü inkişaf etdirməyə çalışıram. Və indiyə qədər olan uğurlarımın əsas səbəbi və motivasiya mənbəyi uğurlu bir insan olma istəyi, mənə hər zaman dəstək olan ailəm və onlara daha yaxşı bir həyat bəxş etmək arzusu olub.
- Bir tələbə üçün universitet xaricində xüsusi kurs və proqramlarda iştirak nə dərəcədə mümkündür? Həm maddi, həm zaman baxımından.
Universitet dərslərindən əlavə özünü inkişaf etdirmək çox vacib məsələdir, çünki indiki vəziyyətdə universitet tələbələrə istədikləri təhsili verə bilmir. Belə düşünürəm ki, bu barədə əsas məhdudiyyət maddiyatdır, çünki tələbələr vaxtlarını düzgün bölüşərək və çox çalışaraq vaxt problemini rahatlıqla həll edə bilərlər. Maddi problemi isə valideynlərə çox problem olmadan da həll etmək olar. Bunun üçün tələbənin universitetdəki fənlər üzrə əldə etdiyi ortalama – ÜOMG və hətta qəbul imtahanında topladığı bal çox mühümdür. Belə ki, tələbə hər hansısa kursa hazırlaşmaq istəyirsə o, həmin kursa müraciət edərək universitet və qəbul imtahanı nəticələrinə görə endirim istəyə bilər. Hansı ki mən də Financial Accounting kursunu sırf bu göstəricilərə (672 bal və 97.7 ortalama) görə pulsuz əldə etmişdim və hətta kurs mənim imtahan ödənişimin yarısını da qarşılamışdı. Əlavə olaraq kurslar imtahan təşkil edərək gözəştlər təklif edir və tələbələr bundan istifadə edərək hətta kursu tam ödənişsiz də əldə edə bilər. Mən Study Fi kurslarının imtahanında iştirak edib birinci yer tutaraq Financial Accounting kursunu pulsuz əldə etmişdim. Bundan əlavə təqaüd proqramları böyük əhəmiyyət kəsb edir. Müxtəlif şirkətlərdən və kurslardan təqaüd əldə edərək onu istədiyiniz kurs üçün istifadə edə bilərsiniz. Və bu proqramlara seçilməyiniz üçün yenə sizin qəbul imtahanı və akademik göstəriciləriniz böyük rol oynayır, hansı ki mən də bu şəkildə təqaüdlər əldə etmişəm.
Bütün bu yazdıqlarımdan belə nəticə çıxır ki, hər şey tələbədən asılıdır, tələbə yüksək nəticələr əldə edərsə özünü inkişaf etdirmək üçün özü özünə mükəmməl şərait yarada bilər.
- Bakalavr sonrası planların?
Bakalavr sonrası planlarım əslində tam dəqiq deyil. Magistr oxumaq planım var, amma Azərbaycanda, ya xaricdə olmasına qərar verməmişəm. Amma çox güman ki, bakalavr ərzində iş tapıb magistrı burda oxuyub işimə davam edəcəm.
- Aldığın ixtisas və kurslar üzrə nə kimi təcrübə proqramlarında olmusan?
Hələlik ancaq nəzəriyyə üzrə fokuslandığım üçün təcrübə proqramlarında iştirak etməmişəm. Aldığım tək təcrübə Khan Academy-də Tərcüməçi kimi işləməyim olub. Amma bir sıra təcrübə proqramlarına müraciət etmişəm və ümid edirəm yaxın müddətdə biliklərimi praktiki şəkildə göstərməyə başlayacam.
- Hobbin nədir?
Hal-hazırda daha çox şahmatla maraqlanıram, demək olar ki dərsdən əlavə vaxtımın əksər hissəsini şahmata ayırıram. Bundan başqa bədii kitab oxuyuram və kubik-rubiklərə də böyük marağım var.
- Aşağı kurs tələbələrə tövsiyələrin…
Aşağı kurslar üçün ən böyük tövsiyyəm təhsildə yalnız universitet dərsləri ilə kifayətlənməməkdir, çünki universitet dərsləri tələbələrə istədiyi nəticələri verməyəcək. Amma əvvəlcə də qeyd etdiyim kimi universitet dərsləri üzrə ortalamanı yüksək saxlamaq lazımdır, hansı ki bu magistrı xaricdə oxumaq istəyənlər üçün də çox vacibdir. Əvvəlcə dediyim qaydada maksimum şəkildə əlavə kurslarda iştirak etmək, təqaüd və təcrübə proqramlarından yararlanmaq lazımdır. Dil öyrənmək isə bunların başında gəlir. Dil öyrənərək əlavə dillərdə resurslara baxaraq daha çox bilik əldə edə bilərsiniz. Əsas odur ki, vaxtınızı səmərəli keçirin, günün böyük hissəsini ixtisasınızı öyrənməyə və kitab oxumağa ayırın.
Hər şey sizin əlinizdədir…
Söhbətləşdi, Vəfadar Babayev