Google Chrome ən çox resurs tələb edən brauzer kimi tanınır. Sözügedən brauzer yüksək həcmdə RAM ilə yanaşı həmçinin enerji də sərf edir. Buna görə də Google şirkəti son vaxtlarda bu vəziyyəti düzəltməyə çalışır. Beləliklə brauzerin son yenilənmələrindən biri reklam elanlarının sayını azaldır və smartfonların avtonom çalışma müddətlərini yüksəldir. Bu barədə Techradar saytı xəbər verib.
Chrome brauzerinin sonuncu versiyalarında tərtibatçılar brauzerin performansını aşağı salan və daha çox enerji sərf edən yüksək resurs tələbli reklam elanlarının bloklanması imkanını verən funksiyanı test edirlər. Bu xəbər sözügedən brauzerin istifadəçilərini sevindirməlidir. Belə ki, noutbuklarda, smartfonlarda və planşetlərdə Chrome brauzerini istifadə edən istifadəçilər üçün bu cihazların avtonom rejimdə çalışma müddətləri çox vacibdir.
Chrome-da bloklanmış reklam nümunəsi:
Google Chrome aşağıdakı hallarda ağır reklam elanlarını bloklayacaq:
– Reklamın ümumilikdə 60 saniyədən çox müddətdə prosessoru yükləməsi halında
– Reklamın, 30 saniyəlik brauzer pəncərəsində prosessoru 15 saniyə və artıq müddətdə yükləməsi halında
– Reklamın, 4 MB-dan çox trafik sərf etməsi halında.
Məlumatda qeyd edilib ki, bu cür ağır reklamların payı 0.3% təşkil edir. Lakin buna baxmayaraq sərf olunan trafikin 26%-i və prosessora olan ümumi yüklənmənin 28%-i məhz bu cür reklamların üzərlərinə düşür. Chrome brauzerinin sonuncu versiyasında həmçinin yüksək resurs tələb edən JavaScript əməliyyatlarını yerinə yetirən reklamlar da bloklanır. İstifadəçilər yeni funksiyanı artıq fərdi şəkildə aktivləşdirə bilərlər. Bunun üçün brazerin URL hissəsində chrome://flags yazaraq brauzerin təcrübi ayarlarına daxil olmaq lazımdır. Daha sonra təcrübi ayarlar bölməsində Heavy and Intervention hissəsinə daxil olaraq Enabled sözünə klikləmək lazımdır.
Technote