Smartfonların naqilsiz şarj prosesini dəstəkləməsi dedikdə onların cərəyan mənbəsinə qoşulmuş xüsusi şarj stansiyasının üzərinə qoyulması nəzərdə tutulur. Lakin Huawei şirkətinin mühəndisləri bu problemin həll yolunu təklif ediblər. Belə ki, şirkətin yeni texnologiyası istənilən cihazın xüsusi şarj stansiyası ilə qarşılıqlı əlaqədə olmadan enerji yığmasını təmin edir. Bu barədə Gizchina saytı xəbər verib.
Şirkətin patent dokumentasiyasına əsasən bu yeni texnologiyanın iş prinsipi enerjinin lazer şüalanması vasitəsilə ötürülməsinə əsaslanır. Cihazların müəyyən məsafədən şarj olunmaları üçün divarda xüsusi modulun yerləşdirilməsi lazımdır. Həmin modul divarın elə bir nöqtəsində yerləşdirilməlidir ki, ətrafda olan cihazlar onun baxış bucağına düşsünlər. Məsələn, modul tavanın aşağı hissəsinə yerləşdirilə bilər.
Lazer şüalanmasının insan səhhəti üçün nə dərəcədə zərərli olduğunu başa düşərək Huawei mütəxəssisləri ola biləcək mənfi təsirlərdən qorunmaq üçün istifadəçi gözlərinin təyini texnologiyası üzərində çalışırlar. Məlumata əsasən şirkətin bu yeni texnologiyası hələ rəsmi bir ad əldə etməyib. Huawei şirkətinin bütün dünya üzrə tədqiqat müəssisələri ilə laboratoriyalarının bir hissəsinin bağlanması bu texnologiya üzərində işləri ləngidə bilər.
Technote