İyul döyüşlərindən etibarən ümumilikdə cəbhəyə 100-dən çox təkərlə dolu tır göndərən Elnur Əliyev bu gün orduya dəstək aksiyası təşkil edərək, yığılan məbləğ hesabına növbəti tırları cəbhəyə göndərdi. Göndərilən yardımlar arasında əsas siqaret, corab, su, nəm salfet, bint və s. üstünlük təşkil edir. Könüllü yardımların edilməsində Facebook sosial şəbəkəsində pandemiya dövründə də yardımları ilə seçilən Evdar Kişilər Klubunun (EKK) da üzvləri aktiv iştirak edir.
Qrupun yaradıcısı Vəfadar Babayev elan paylaşdıqdan sonra çox qısa bir müddət ərzində yardımlar toplandı. Hər kəs üzərinə düşəni edərək tarixə qızıl hərflərnən yazılan bu günlərdə az da olsa payının olmasına çalışır. Balaca Hüseyn və Mustafa kimi…
Klub üzvləri yalnız maddi dəstəyi ilə kifayətlənmədi, üzvlər həmçinin topdan miqdarda su, corab və digər ehtiyac duyulan məhsulları tırın yüklənməsinə əlavə etdi.
Ölkəmizdən xaricdə yaşayan vətəndaşlarımız da bu məsələyə biganə qalmadı. Sinqapur, Çin və digər ölkələrdə yaşayan vətəndaşlarımız maddi olaraq yardımlarını əsirgəmədi.
Klubun üzvləri arasında müxtəlif peşə sahibləri olan vətəndaşlar da post açaraq, vətənimizin müdafiəsi uğrunda mübarizə aparan əsgərlərimizə yardıma gedən şəxslərə və onların ailələrinə təmənnasız xidmət edəcəklərini bildiriblər.
Bu aksiya qarşıdakı günlərdə də davam edəcək…