2017-ci ilin dekabr ayında Şahdağda İtkin düşən və 2018-ci ilin may ayında cənazələri tapılan alpinistlərdən biri – Babur Hüseynovun 2011-ci ildə yazdığı yazısından bir hissə
“Gözlərimi yumuram və görürəm ki,olduqca hündür bir qayanın üzərində oturmuşam. Hava qaranlıqdır. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib. Qayanın altında coşqun dəniz var. Çox coşqun və dalğalıdır… Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə Allaha bu gözəlliyə görə şükürlər edirlər. Səssizlik məgər ən gözəl dua deyilmi? Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır. Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehirli ulduzlar, əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri…
Göylərə, uzaqlardan bizə baxaraq xəyallarımızı özlərinə çəkən ulduzlara baxırıq, əsən küləklə rəqs edirik, dənizin qoxusu ilə ruhumuzu ovsunlayırıq, azadıq, xoşbəxtik… Xoşbəxtlik məgər bu qədər gözəlmi? Tək o var, bir də mən. Bir təbiət var, bir də bu gözəllikləri yaradan Allah. Şükürlərimiz necə də dayazdır…
Çox təəssüf ki, gözlərimi açıram və görürəm ki, divarları saralmış miskin otağımdayam. Otağın küncündə köhnə yazı masası və onun da üstündə qalaqlanmış kitablar. Kitablar necə də mənə yazıq görünür, elə bil onları daha heç vaxt oxumayacağıma görə dərd çəkirlər. Toz bağlamış işıq isə tavandan sakitcə asılıb və kimisə gözləyirmiş kimi gözü yollardadır… Pəncərədən çöldə isə soyuq payız küləyi çılpaq budaqlarla sevişir və elə bil bundan həzz alırmış kimi tənha qurd kimi ulayır. Məndən bir az aralıda çarpayı durur. Artıq gecdir və o, mənimçün darıxır. İstəyir ki, tezliklə gəlim və onun üzərində uzanım. Çarpayı da tənhadır, o, məni gözləyir, mən də arzularımı.
Arzularsa çox uzaqdır. Ən uzaq arzular həmişə laldır, danışansa yaxınlıqda olan acı reallıq. Ürəyim sıxılır, yenə reallığa nifrət və yenə içimi boğan qəhər. Yenə də qəlbimin dərinliklərində baş qaldıran dilsiz naşükürlüklər və sakitcə “İlahi,axı bu insanı niyə belə yaradıbsan, axı hanı mənim arzularım, hər şey bu qədər bəsitmi?” deyə pıçıldayaraq fəryad edən çürümüş ürək…
Və nəhayət, bu gün də bir söz tapdım və bunu da öz iyrənc həyat kitabıma əlavə etdim. Bu, mənim fəlsəfəmdir, arıq və xəstə fəlsəfəm. Bu günün sözü də belə oldu:
– İnsan kimdir?
– Arzular qurmaq üzrə mütəxəssis.
Bu gün də belə və mən zəngi qurub işığı söndürürəm. Yerimdə uzanıb sehirli yuxular görmək ümidi ilə sizlərdən ayrılıram”.