Çoxlu sayda olmuş şayiələrdən sonra Apple şirkəti sonunda AirPods Max adlı böyük ölçülü qulaqlığını təqdim edib. Təqdim edilmiş yeni AirPods Max modeli əvvəlki AirPods modellərinin bütün orijinal özəlliklərini əldə edib. Söhbət, Apple cihazlarına maksimal sadə qoşulmadan, ətraf səs-küyün aktiv boğulması özəlliyindən və səsin xarici məkana ötürülməsi texnologiyasından gedir. AirPods Max-ın dizaynı elə hazırlanıb ki, qulaqlıq istənilən baş formasında rahat şəkildə yerləşə bilsin. Qulaqlığın yuxarı geniş hissəsi nəfəs alan materialdan hazırlanıb və qulaqlığın çəkisini bərabər şəkildə nizamlayır. Səsin tənzimlənməsi, daxil olan zənglərin qəbul edilməsi və Siri səsli köməkçisinin aktivləşdirilməsi üçün qulaqlığa Digital Crown adlı düymə yerləşdirilib. Bu düymə Apple Watch istifadəçilərinə tanışdır.
AirPods Max-da 40 mm-lik dinamik drayverlərdən istifadə olunub. Şirkətin verdiyi məlumata əsasən qulaqlıq çalışma prinsipinə görə professional səsgücləndiricilərin dinamiklərinə bənzəyir. Hər bir qulaqlıq hissəsi 10 nüvəli Apple H1 prosessoruna sahibdir. Onların sayəsində ətraf səs-küy aktiv şəkildə boğulur və qulaqlıqların yerləşdikləri tərzə uyğun səsin nizamlanması reallaşdırılır. Ətraf səs-küyün boğulması sisteminin çalışması üçün AirPods Max-da 8 ədəd mikrofondan istifadə olunur. Onlardan 6-sı xarici istiqamətə yönəlib və xarici səs-küyləri bloklayır, 2-si isə daxili istiqamətə yönəlib və istifadəçinin eşitdiyi səsin keyfiyyətini təyin edir. Telefon danışığı zamanı mikrofonlar istifadəçinin səsini təyin edirlər və buna görə də telefon danışığında iştirak edən ikinci şəxs istənilən vəziyyətdə birinci şəxsin səsini ideal eşidir.
Adaptiv ekvalayzer funksiyası qulaqlığın istifadəçi başında yerləşməsi tərzinə uyğun olaraq səsi istifadəçi üçün tənzimləyir. Bunun üçün daxili istiqamətə yönəlmiş mikrofonlar istifadəçinin eşitdiyi audionun özəlliklərini təyin edirlər. Nəticədə əldə olunmuş məlumatlar əsasında səs tezliyinin nizamlanması baş verir. Filmlər ilə serialları izləyən zaman səsin ətraf məkana yayılması texnologiyası ilə istifadəçi başının hərəkətini təyin edən dinamik funksiya sayəsində kinoteatrlarda olduğu kimi geniş həcmli səs effekti yaranır. Bir dəfə şarj olunandan sonra AirPods Max 20 saat ərzində musiqi dinləmə, film izləmə və telefon danışığı rejimində çalışa bilir. Qulaqlıq Lightning girişi vasitəsilə şarj olunur. Məlumata əsasən 5 dəqiqə şarj olunandan sonra AirPods Max 1.5 saat çalışa bilir. AirPods Max 15 dekabr tarixində 549$-a satışa çıxacaq.
Technote