“Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimin Bakı səfəri müəyyən nəticə verməyə bilməzdi. Qarabağdakı hərəkətliliyə görə Rusiya tərəfi 3 ay əvvəl Bakıya gəlməzdi, tərəfləri Moskvaya dəvət edib, “Ağıllı olun”, – deyərdi. İndi isə gəlməyə məcbur qalır. Təbii ki, qarşılığında Azərbaycandan istəyəcəkləri də olacaq.
Müharibə bitəndən dərhal sonra Fərrux dağının əhəmiyyəti barədə yazmışdım. Fərrux dağının erməni tərəfinin əlində olması o demək idi ki, Kolanlı dərəsindəki bütün kəndlər və Ağdam şəhərinin özü tamamilə erməni silahlılarının nəzarəti altında olacaqdı. Kameralar vasitəsi ilə isə təkcə Ağdam yox, bir neçə rayonu müşahidə edə biləcəkdilər.
Fərrux dağının Azərbaycan tərəfinin nəzarəti altında olması isə həm yuxarıda sadaladığım təhlükələri aradan qaldırır, həm də digər ərazilərə nəzarət əl dəyişmiş olurdu. Ümumiyyətlə, Qarabağda Fərrux dağı ən strateji yüksəkliklərdən biridir.
Fərrux dağı Birinci Qarabağ Müharibəsi zamanı uğrunda ən çox döyüşlərin getdiyi bir yüksəklikdir. Həmin dağ bir neçə dəfə əl dəyişdirib. Ağdamın işğalı da məhz Fərrux dağı və onun qarşısındakı Yeddi Xırman yüksəkliyinin işğal edilməsi ilə başlamışdı. Fərrux və Yeddi Xırmanda düşmən oturursa, Ağdamda qalmaq, yaşamaq intihara bərabər idi.
Aylar öncə yazıların birində qeyd etmişdim ki, Fərrux kəndində artıq ermənilər yaşamamağa başlayıb. Kənddə yalnız bir neçə evdə yaşayış qalmışdı. Həmin evlərdə yaşayanlar da hərbçilər və ailələri idi.
Fərrux dağında isə erməni tərəfi, demək olar, xidmət aparmırdı. Yalnız kamera ilə müşahidə ilə kifayətlənirdilər. Fərrux dağında xidmət aparmaq üçün şəxsi heyətin potensialı da imkan vermirdi.
Erməni tərəfinin Fərrux dağında və ətrafında mövqelərinin olması Ağdam rayonunun Əliağalı kəndini, demək olar, anklav vəziyyətinə salırdı.
Azərbaycan tərəfi əgər milyardlarla pul xərcləyib Ağdam şəhərini yenidən tikəcəkdisə, Kolanlı dərəsindəki kəndləri yenidən bərpa edəcəkdisə, mütləq Fərrux dağı məsələsini həll etməli idi. Fərrux dağı Azərbaycanın olmazsa-olmazı idi.
Əslində, Fərrux dağı və kəndi ətrafındakı söz söhbətlərə Müdafiə Nazirliyinin verdiyi açıqlamada tam aydınlıq gətirilmişdi. Açıqlamada hər şeyi ortaya qoyan cümlə isə bu idi: “Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib”.
Bu cümlə həm də o anlama gəlir ki, bundan sonra Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə hansısa bir dəyişiklik olarsa, açıqlamalar da məhz bu şəkildə olacaq. Bu həm də o anlama gəlir ki, rəsmi Bakı beynində Qarabağ məsələsini bitirib. Qalıb, sahədə bunu həyata keçirmək.
Baş verənlərlə bağlı əldə etdiyim məlumat odur ki, yerdəyişmə zamanı hər hansısa insident baş verməyib. Əvvəlki yazılarda qeyd etdiyim kimi, Rusiya sülhməramlıları əraziyə gəlib, ermənilərin təhlükəsiz şəraitdə çıxması üçün koridor açıb və təhlükəsiz keçidə şərait yaradıblar.
Fərrux dağında nəzarəti ələ almaq üçün nə xüsusi antiterror əməliyyatına ehtiyac olub, nə də hansısa döyüşlərə. Fikrimcə, proses bu şəkildə də davam edəcək. Yalnız bir neçə məntəqədə antiterror əməliyyatı keçirilə bilər.
Fərrux yüksəkliyinin həm də çox böyük mənəvi yükü var. O yüksəklikdə yüzlərlə Azərbaycan əsgəri şəhid olub. Fərrux yüksəkliyi uğrunda 44 günlük müharibədə verdiyimiz şəhid sayı qədər, demək olar, şəhid vermişdik.
O yüksəkliyə şəhid vermədən, sep şəklində çıxmaq siyasətin nəticə sənəti olmasının göstəricisidir”.
Səxavət Məmməd