Məlum olduğu kimi, sosial media nəhəngi Facebook Mark Zuckerberg tərəfindən ilk yaradıldığı zaman Harvard Universitetinin tələbələrinin bir-birləri ilə əlaqə yaratması üçün nəzərdə tutulmuşdu. Daha sonra Zuckerberg facebook-u istifadəçilərin keçmiş tələbə yoldaşlarını tapmalarını asanlaşdırma ideyası ilə bütün dünyaya təqdim etmişdi. İndi isə şirkət köklərinə geri qayıdır və Facebook universitet tələbələrinə özəl yeni şəbəkə yaratmağa hazırlaşır.
Təkcə tələbələrə özəl olaraq tərtib edilən “Facebook Campus” adlı sosial şəbəkə ilə Facebook şirkəti 16 ildən sonra yenidən tələbələr üçün məxsusi funksiya yaratmış oldu. Facebook ilk yarandığı vaxtlarda platformadan istifadə etmək istəyən tələbələr burada universitet mailləri vasitəsilə qeydiyyatdan keçirdilər. İndi isə “Facebook Campus” üçün şirkət yenidən eyni sistemdən istifadə edəcək.
Facebook Campus üzrə məhsul direktoru Charmaine Hung, “Campus üçün ən uyğun vaxt olduğunu düşündük. Koronavirus pandemiyası səbəbilə əksər tələbələr bu semestr kampuslardan uzaqda olacaq. Dərslər onlayn keçiriləcək və tələbələr sevdikləri klub və təşkilatların bu dövrdə də fəaliyyətinə davam etməsi üçün hazırki şəraitə uyğunlaşmağa çalışacaqlar.”, deyə indiki şəraitdə tələbələrin asanlıqla bir araya gələ biləcəkləri və yeni əlaqələrin yaranmasına vəsilə olacaq bir platforma yaratdıqlarını bildirib.
Facebook Campus platformasında qeydiyyatdan keçən tələbələr universitet mailləri vasitəsilə əlaqə yaratdıqdan sonra məzun olacaqları il, təhsil aldıqları fakültə və hansı yataqxanada qalmaları kimi bəzi məlumatları qeyd edə biləcəklər. Bununla da, istifadəçilərin eyni təhsil ocağından məzun olan yoldaşları ilə əlaqə yaratması asanlaşacaq.