Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, Yasamal rayon Heydər Əliyev Mərkəzi və “Gəncliyə Yardım Fondu”-nun birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Gənclər Sabahımızdır” adlı görüş keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək qeyd edib ki, bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olub. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan gənclərimiz heç vaxt unudulmur, onlar ölümləri ilə ölümsüzlüyə qovuşdular, ən yüksək zirvəyə – şəhidlik zirvəsinə ucaldılar. Onlar bizim gənc, mərd oğullarımızdır, hər biri qəhrəmandır, düşmənlə döyüşə Dövlət himnimizi, “Qarabağ şikəstəsi”ni oxuyaraq gediblər və biz onları daima yaşatmalıyıq.
2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova gənclərə müraciət edərək gənclik tükənməz bir qüvvə olduğunu qeyd edib. Gənclik illərini elmə, savada, biliyə sərf etmələrini, savadlı, elmli, vətənpərvər olmağı tövsiyə edib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva “Prezident qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi” mövzusunda məruzə edib. O məruzəsində bildirdi ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin davamçısı olan Prezident İlham Əliyev Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəslin formalaşmasında mühüm işlər görmüşdür.
“Gəncliyə Yardım Fondu”nun əməkdaşı Şahalı Cəlilov görüş iştirakçılarını salamladı və dedi: “Gənclik yaşla deyil, ruhəndir. Bizim çalışdığımız sahə gənclərlə bağlıdır. “Gəncliyə Yardım Fondu” olaraq biz 4-5 ili əhatə edən proqram hazırlayırıq və gənclərə təhsil aldıqları ixtisas üzrə ixtisaslarını yaxşı mənimsəmələrini, müasir dünyanın tələblərinə uyğun biliklərə yiyələnmələrini tövsiyə edirik. Bir mütəfəkkirin sözlərini xatırlatmaq yerinə düşər: “Bir ölkəni tanımaq istəyirsənsə, birinci onun gənclərini tanı”. Biz gənclərin vətənpərvərlik və milli ruhda yetişməsinə əhəmiyyət veririk. Əziz gənclərimiz, bayramınızı təbrik edirəm!”
Tədbirin bədii hissəsində “Qızıl qələm” mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar gənclərə ürək sözlərini deyib və “Şəhidlər”, “Gənclərimiz”, “Bütöv Azərbaycan” şeirlərini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, vətənpərvər şair Leyla Mətin “Azərbaycan” şeirini söyləyiblər. AMK tərkibində İncəsənət Gimnaziyasının 7a sinif şagirdi, 13-cü Beynəlxalq muğam müsabiqəsinin qalibi, “Heydər Əliyev İli” ilə bağlı “Bülbül” Uşaq musiqi festivalının Yusif Sadıxov “Azərbaycan” mahnısını, gimnaziyanın şagirdi, VIII “Muğam” müsabiqəsinin diplomatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, “Qran-Pri” mükafatçısı Ədilə Əliyeva “Azərbaycan” mahnısını və “Xudayar təsnifi”ni, 239 nömrəli tam orta məktəbin şağırdi Kərim Cəlilov “Bayatı-Şiraz”ı ifa ediblər.
Tədbir iştirakçıları Ulu Öndərə böyük ehtiram hissi ilə onun Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət ediblər.