Siruz Müsüzadə
Vətənin qorxmaz, mərd oğullarının hərəsinin ayrı bir hekayəsi var. Vətən uğrunda gedən döyüşlərdə iştirak edən bu oğulların hekayələrini dinləmək həm qürur verir insana, həm də sevinc. Azərbaycanın igid oğlu Siruz Müsüzadənində hekayəsi tam fərqlidir. Siruz yaşının az olmasına baxmaraq, dastanlara yazılası igidlik, dostluq nümayiş etdirib. Yaralı dostuna öz bədənini sipər edib. Qəhrəmanımızı gəlin yaxından tanıyaq.
-Siruz, izləyicilərimizə özünüz barədə məlumat verin, zəhmət olmasa.
– Müsüzadə Siruz Araz oğlu. 1998-ci ildə Zərdab rayonunda dünyaya göz açmışam. Daxili Qoşunların Xüsusi Təyinatlı qüvvələrində xidmət edirəm. Müharibə başlayan gündən axıra kimi döyüşdə iştirak etmişəm. Bir dəfə Cəbrayılda kəllə beyin travması alaraq xəstəxanaya yerləşdirildim. 3 gün sona yenidən döyüş meydanına qayıtdım. Şuşaya ilk girənlərdən biri də mən olmuşam. Daşaltı kəndinin yanı ilə dağa qalxanda yanımdakı yoldaşım yaralandı. Bir qolumda dostum, digər əlimdə isə silahla dağa qalxmalı oldum. Biz qalxdıqca minaatanlardan alov yağdırırdılar başımıza. Amma yenə də onu orda qoyub gedə bilməzdim. Halım, anamım qalmamışdı. Bir də gördüm səs çox yaxından gəlir və bizim üstümüzə düşəcək. Tez yoldaşımı yerə yıxdım və özüm onun üstünə uzandım. Qəlpələr ayağından, belimdən, qolumdan tutdu məni. Şükür ki, dostuma heç nə olmadı. O, çox qan itirmişdi. Yenidən qəlpə yarası alsaydı sağ qalmaya bilərdi. Bəs yaralı halda necə yola davam etdiniz? Durdum özümə ilk tibbi yardım göstərdim. Yaralarımı sarıdım,iynə vurdum. Lakin qanaxmanı kəsmək mümkün olmadı. Yaralı vəziyyətdə durdum yoldaşımı da götürdüm qalxdıq yuxarı. 3 gün Şuşada, dağın başında mühasirədə qaldıq. Artıq qan qurtarmışdı sanki bədənimdə. Bütün bədənim uyuşurdu, özümü hiss etmirdim. Ürəyim gedib orada, şoka düşmüşəm. Sonrası yadımda deyil ayıldım ki, xəstəxanadayam.
– Çiyninizdə daşıyaraq xilas etdiyiniz əsgərlə əlaqəniz varmı?
-Bəli, həmin yoldaşımla danışıram. Şükür Allaha ki, yaxşıdı vəziyyəti. Xəstəxanadadır. Özü axtarıb, tapıb zəng etdi mənə. Valideynləri bizim evimizə gəlmişdi, təşəkkür üçün.
Siruz Müsüzadə
– Yorulmuşdunuz. Onu buraxmaq ağlınıza gəldimi heç?
– O anda özüm heç yadıma düşmürdüm. Həyatda hamı özü üçün valideyini üçün əzizdir. Lakin ora elə bir yerdir ki, insan heç nəyi fikirləşmir. Mənim kişiliyim, qeyrətim yol verməzdi ki, onu orda yaralı, qanı axa-axa qoyum. Yalnız o yoldaşım deyil çox yaralı əsgərlərə kömək etmişik. Qəbələdən olan bir əsgər var idi. Hansı ki, yaralı halda özünü çəkmişdi və sosial şəbəkələrdə çox izləndi. Həmin əsgərdə mənim həmkarım idi. Yan-yana gedirdik biz. O çox ağır yaralanmışdı. Güllə qarın nahiyyəsindən girib kürəyindən çıxmışdı. Onu çiynimdə dağa qaldırdım, amma təssüflər olsun ki, qanaxması çox olduğu üçün onu xilas edə bilmədim. Bizim geri sağ qalmağımız dünyaya yenidən gəlmək kimi bir şeydir. Sanki, yenidən doğulmuşam, lakin bu dəfə uşaq kimi yox böyük kimi.
Yaralarınızın vəziyyəti necədir?
Bədənimdə 3 qəlpə var. Sinirə çox yaxındı deyə toxunmur həkimlər.
-Qələbə xəbərini necə aldınız? Həmin an hansı hissləri keçirdiniz?
-Mən xəstəxanada idim. İynələr vururdular yatmağım üçün. Görürdüm tibb bacıları karidorda gülürlər. Çox pis olurdum ki, niyə gülürlər, axı orda döyüş gedir. O qədər insan şəhid olub. Sonra ayılanda dedilər ki, sülh bağlanıb, torpaqlarımız geri qayıdıb. Çox sevindim ki, əziyyətimizin bəhrəsini axır ki gördük.
Leyla Mirzə