Tesla və SpaceX şirkətlərinin sahibi olan İlon Mask 185 milyard dolları üstələyən sərvəti ilə Amazon şirkətinin təsisçisi Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı insanı olub.
Cümə axşamı Tesla şirkətinin səhmlərinin yüksəlməsi ilə İlon Mask 2017-ci ildən bəri dünyanın ən varlı insanı olan və hazırda 184 milyard dollarlıq sərvətə sahib Ceff Bezosu geridə qoymağa nail olub.
Xatırladaq ki, Mask 2020-ci ilə təqribən 27 milyard dollar ilə başlamışdı və dünyanın ən varlı 50 şəxsindən biri idi. Tesla şirkətinin səhmlərinin ötən il doqquz dəfədən çox dəyər qazanması sahibinə 150 milyard dollardan çox gəlir gətirdi.
İlon Mask ötən ilin iyul ayında dünyanın 7-ci ən varlı insanı olmaqla Waren Buffet-i geridə qoymuşdu. Oktyabr ayında Bill Qeytsi üstələyərək ən varlı ikinci şəxs olmağa müvəffəq olmuşdu. Onu da qeyd edək ki, Mask axırıncı 12 ay ərzində Bill Qeytsin 132 milyard dollarlıq sərvətindən daha çox gəlir əldə edib.
Tesla şirkətinin səhmlərinin dəyəri isə cümə günü 737.6 milyard dollara yüksəlib.