Bu günki rubrikamızda Facebook-un məşhur Kişilər Klubu (KK) qrupu barədə bəhs edəcəyik.
Qrup 24 mart 2020-ci il, axşam saat 10 radələrində Evdar Kişilər Klubu (EKK) adı ilə fəaliyyətə başlamışdır. Qrupun təsisçisi Vəfadar Babayevdir. Vəfadar bəy həmçinin Xızır Baba layihəsinin təsisçisidir. Eləcə də facebook sosial şəbəkəsində müxtəlif faydalı qrupların baş adminidir.
Qrupun 90%-dən çoxu intellektual insanlardır. Hal-hazırda 65000-ə yaxın üzvü olan qrupda iş adamları, jurnalistlər, aktyorlar, video bloggerlər, sosial media aktivistləri də az deyildir. Həmçinin qeyd edək ki, qrup yalnız bəylərdən ibarətdir.
Qrup yarandığı ilk gündən 18+ paylaşımlara, vulqar sözlərdən istifadəyə, etikadan kənar paylaşımlara tamamilə qadağa qoyulmuşdur. Həmçinin irqi, dini, siyasi paylaşımlar da qadağandır. Bu da qrupun tez bir zamanda belə bir rəğbət qazanmasına şərait yaratdı. Qrupda etikadan kənar yazı yazıldıqda izləyici blok edilir, qrupdan kənarlaşdırılır. Şikayətlərə də dərhal reaksiya bildirilməsi izləyicilərin diqqətini daha da cəlb edir. Qrupun üzv sayı günü-gündən artmaqdadır. Bu qrup çərçivəsində maraqlı, gülməli, faydalı kontentlər paylaşılır, seminarlar təşkil olunur. Ümumən qrup klubun bütün üzvləri üçün faydalıdır, hansısa məsələ barədə köməyə, məsləhətə ehtiyacı olanlar post paylaşıb dəstək alır və s.
Xüsusən pandemiya zamanı qrupda ardıcıl olaraq sosial layihələr həyata keçirilmişdir. Bu sosial layihələrdən biri də çox qısa zamanda qrup üzvlərinin könüllü dəstəyi ilə (istər maddi, istər də çatdırılma) məbləğ toplanaraq pandemiya səbəbilə sıxıntılarla üzləşən 100lərlə aztəminatlı ailəyə ərzaq yardımları edildi. Klubun bu təşəbbüsünə ölkənin sayılıb seçilən şirkətləri, iş adamları da dəstək oldu. Yerli kütləvi informasiya vasitələri ilə birgə Rusiya və Türkiyə KİV-ləri də bu barədə süjetlər paylaşdı.
Qrupda həmçinin Xızır Baba ilə ortaq “Onlar bizə əmanət” adlı kampaniya başladılmışdır. Kampaniyanının əsas məqsədi şəhid övladlarının arzularını, ehtiyaclarını öyrənib, onları az da olsa sevindirməkdir.
Məlum olduğu kimi Kür çayında suyun səviyyəsinə aşağı endiyindən dolayı Neftçala sakinləri bir müddət içməli su problemi yaşadılar. EKK buna da biganə yanaşmadı və Şirin Su şirkəti ilə birgə Neftçalaya səfər edərək suya ehtiyacı olanlara su paylanılmasını həyata keçirdi. Bu məsələdə də klub üzvləri yaxından iştirak etdi.
Klubun uğurları sırasına aztəminatlı ailələrdən birinin evinin tikintisinin yekunlaşdırmasına etdiyi köməyi də qeyd etmək olar.
27 sentyabr başlayan Vətən müharibəsində də qrupun xeyli sayda üzvü iştirak etmişdir, bu barədə qrupda da paylaşım edərək işğal altında olan torpaqlarımızın azad olunması üçün yola düşüblər.
Klub üzvləri 44 günlük Vətən müharibəsi davam etdiyi müddətdə, hətta başa çatdıqdan sonra da cəbhəyə yardımlarda aktiv iştirak etdilər. Həmçinin könüllü gedən şəxslərin, qazilərin, şəhidlərin ailələrinin ehtiyacları ilə maraqlanıb, onların həll olunması məsələsində yaxından iştirak etmişlər. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfalar arzu edirik!
Klubun bütün üzvlərinə uğurlar arzu edirik!
Müsahibəni apardı: Məhəmməd Əmrahov