Kredit götürərkən əksər hallarda öhdəliyin təmin olunması üsulu kimi girov, zaminlik və ya sığorta müqaviləsi bağlamaq tələb olunur. Burada məqsəd kredit öhdəliyini icra edə bilmədikdə kreditin geri qaytarılmasını təmin etməkdir. Hüquqşünas Şəhriyar Həbilov kreditin təminat üsulu kimi sığorta müqaviləsinin əhəmiyyətini izah edib.
Azərbaycanda kredit götürən fiziki şəxslərin sığorta münasibətləri nəzarət orqanının müəyyən etdiyi vahid qaydalarla tənzimlənir. Bu, sığorta şirkətlərinin öz qaydalarını istisna edir. Bu şəraitdə fiziki şəxslər vahid tənzimləmənin olduğunu bilməli və sığorta şirkətləri isə vahid prinsiplə rəqabətqabiliyyətli keyfiyyətli fəaliyyətə üstünlük verməlidirlər.
Kredit götürən fiziki şəxslərlə bağlanan sığorta müqavilələrinə əsasən, ən azı kredit götürənin ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin tam və ya qismən itirilməsilə istənilən əlillik dərəcəsini alması halında sığorta şirkəti sığorta ödənişi vermək öhdəliyi daşıyır. Kredit götürən şəxs hansı təminatın verildiyini bilmək üçün müqavilədə aşağıdakı hallara mütləq diqqət yetirməlidir:
- Müqavilənin müddəti
Müqavilənin kredit müddətinə uyğun olun-olmamasına fikir verilməlidir. Bəzi hallarda müqavilələr kredit müddətində deyil, ondan daha az müddətə müəyyən edilir. Bu isə şəxsin başına hadisə gəldikdə onun sığorta təminatından kənarda qalmasına gətirib çıxara bilər.
- Sığorta məbləği
Kredit məbləği 10.000 manatlıq olsa da, sığorta müqaviləsində bu təminat 1.000 manat da ola bilər. Bu baxımdan, şəxsin hadisə zamanı 1.000 manatlıq öhdəliyinin ödənilməsi, lakin qalan məbləğin ödənilməməsi mümkündür.
- Riskin bildirilməməsi
Kredit götürərkən fiziki şəxsin sağlamlığı qaydasında olsa da, sığorta müqaviləsi bağlanarkən kredit götürən əvvəllər hansı xəstəliklərdən əziyyət çəkdiyini, müalicə və ya müayinə aldığını bildirməlidir. Bunun üçün ona səhhəti barədə məlumat verəcəyi ərizə forması təqdim edilir. Kredit götürən şəxsin əvvəllər keçirdiyi xəstəliyi, xəstəliyə görə müalicə və ya müayinəsi olunması barədə məlumat ərizə formasında qeyd edilməlidir.
Çünkü ərizə formasında qeyd edilməyən, hadisə baş verərkən xəstəliyin əvvəlcədən olması müəyyən edilən hallarda sığorta şirkəti ödənişin verilməsindən imtina etmək hüququna malikdir.
Göründüyü kimi hər bir halda müqavilə bağlamazdan əvvəl məlumatlı və tədbirli olmaq sonrakı peşmançılığın qarşısını almağa imkan verir.
Kredit götürərkən sığortalanma halında sığorta şirkəti baş verəcək hadisələr zamanı ödənişi öhdəlik həcmində kredit təşkilatına, əgər sığorta məbləği artıq qalarsa, krediti götürən şəxsə, yaxud vəfat etdikdə onun ailə üzvlərinə və ya vərəsələrinə ödəyir.
vergiler.az