Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ..
Biri var imiş, biri yox imiş.. Qarabağ adında gözəllər gözəli, nazlı, qəmzəli, dünyada tayı-bərabəri olmayan bir dilbər var imiş.. Qarabağ o qədər gözəl imiş ki, adı dillər əzbəri olmuş, yaxın-uzaq mahallardan, ölkələrdən onun eşqi ilə yanıb qovrulanlar çox imiş.. Lakin, adı dillər əzbəri Qarabağın könlündə də, gözündə də bir nəfər var imiş.. Azərbaycan.. Azərbaycan boylu-buxunlu, yaraşığıyla, igidliyi ilə, bacarığı ilə dünyaya səs salmış bir igid idi.. Qarabağ bir könüldən min könülə Azərbaycana, Azərbaycan da Qarabağa aşiq idi.. Onların bu sevgisi, sədaqəti pis ürəkləri paxıllandırır, onlara qarşı kinləndirirdi.. Lakin hamı da çox yaxşı bilirdi ki, Qarabağa Azərbaycandan başqa yar olmayacaq.. Odur ki, bu iki gəncin güclü sevgisi, məhəbbəti dilbər Qarabağda gözü olan qara xislətli insanların qəlbini qurd kimi gəmirirdi..
Sizə kimdən deyim, kimdən danışım, gözəl Qarabağda gözü olan, onun bunun qapısında söz gəzdirən, araçı olan, öz işi düşən insanların doqqazını yalayan çuğul Ermənistandan.. Bu gədədən hətta xəbərçilik etdiyi, satqınlıq etdiyi insanların da zəhləsi gedirdi.. Lakin,necə deyərlər əl altında ora-bura buyurduqları üçün, xain, tamahkar, olduğu üçün hərşeyi edə biləcəyindən yan-yörələrində, süfrələrinin qırıq-qurtuğunu yeməklə saxlayırdılar.. Bu erməni çuğulun da gözü neçə vaxt idi ki, gözəl Qarabağda idi.. Amma çox yaxşı bilirdi ki, Azərbaycana aid olan bu gözəli o heç vaxt ala bilməz. Qarabağ ona heç gözünün kənarı ilə baxmaz. Və Azərbaycan bunu bilsə bu çuğulun başını əzər.. Odur ki, qəlbi qara, pis niyyətli xain çuğul pusquya yatıb gözləyirdi.. Azərbaycan o vaxtlar bir neçə yerdə mübarizə aparırdı, öz xalqının müstəqilliyi üçün vuruşurdu.. Tək başına idi.. Belə vuruşmaların birində Azərbaycan öz içindən olan xainlərin satmağı ilə pusquya düşürülüb ağır yaralanır.. Artıq heç kim Azərbaycanın sağ qalacağına inanmırdı.. Hamı məyus idi, qara geyinmişdir.. Azərbaycanın böyük qardaşı olan Türkiyə də başqa müharibələrdə olduğu üçün öz qardaşının harayına gələ bilmirdi.. Bu iki qardaş bir-birindən aralı düşmüşdü.. Belə bir məqamda çuğul Ermənistan öz mənfur niyyətini həyata keçirmək üçün hərəkətə keçir. O çox yaxşı bilirdi ki, Qarabağı öz xoşu ilə ala bilməyəcək. Və özü də bilirdi ki, Qarabağ kimi nazlı dilbər onun bunun qapısında yallanan Ermənistana yox, Qartal vüqarlı Azərbaycana yaraşır.. Odur ki, Ermənistan öz qanlı dişli atına minib yola düşür.. O vaxtlar Qarabağda gözü olan, dərdindən yanıb alovlanan, lakin, üzdə səs etməyib Azərbaycanın dostu kimi görünən Rusiya əslində çoxdan idi ki, Azərbaycana zərbə vurmaq istəyirdi. Ermənistanın, onun sarayına Qarabağı istəmək məqsədi ilə gəldiyi xəbəri ona göydən düşmə olur. Fürsət bu fürsətdir deyib, yaralı Azərbaycana qarşı öz mənfur əməlini həyata keçirmək üçün məhz çuğul Ermənistandan istifadə etmək qərarına gəlir. Lakin, Rusiyanın Ermənistandan tək bir şərti var idi: Heç vaxt açıqdan-açığa Ermənistana dəstək olduğunu bilməməli, Azərbaycana kürəyindən vurulan xəncərin dəstəyindən kimin əllərinin tutulduğu müəmma olaraq qalmalı idi.. Əlbəttə ki, xislətində namərdlik olan Ermənistan, öz sahibinin bu təklifini sevə-sevə qəbul etdi. O, Rusiyanın ayağına düşüb, ayaqqabılarından öpə-öpə, yalaya-yalaya dalın-dalın saraydan çıxdı.. Və beləliklə Rusiya karvanlarda ticarət adı altında Ermənistana silahlar yollamağa başladı..
Azərbaycanın yaraları gün keçdikcə pisləşirdi.. Belə bir məqamda çuğul Ermənistanın onun sevgisinə, yarına göz dikməsi onun üçün gözlənilməz bir zərbə oldu.. Çünki, Azərbaycan Ermənistanı dost bilmiş, duz-çörək kəsmişdi.. Lakin necə demişlər “Su yatar, düşmən yatmaz”. Ermənistan qol gücünə yıxaraq, dağıdaraq, qanlar, gözyaşları tökərək nazlı Qarabağa zorla sahib olmağı bacarır.. Bu ayrılıq həm igid Azərbaycana, həm nazlı gözəl Qarabağa ağır dərd olur. Nə sevgiləri bitir, nə nisgilləri.. Beləcə aylar keçir.. Azərbaycanın ürəyindəki intiqam hissi alışıb-yanır, Qarabağ sevgisi, həsrəti onu odsuz-alovsuz yandırır. Ancaq yandıqca sağalır, sağaldıqca güclənir, gücləndikcə yüksəlir.. Məhz bu vaxtlarda qardaşı Türkiyə zəfər qazanmış, düşməni diz çökdürmüşdü.. Və iki qardaş artıq birgə idilər.. Beləcə saatlar ayları, aylar illəri qovdu. Azərbaycan yenidən dünyayı lərzəyə salan gücə çatdı. Bəli.. İntiqam vaxtı gəlib çatmışdı.. O, öz canparçasını-Qarabağını mundar erməni əsarətindən qurtaracağına and içdi.. Azərbaycanın 10 milyonluq ordusu onun arxasında tək ürək, tək yumruq olaraq birləşdi.. Böyük qardaşı Türkiyə, Azərbaycanın alnından öpüb, ona xeyir-dua verdi.. Azərbaycan zirehini geyindi, qılıncını götürdü, neçə illərdir həsrətilə yaşadığı Qarabağını almaq üçün ordusu ilə çuğul Ermənistanın üstünə yeridi.. Bu döyüş haqq döyüşü, namus, şərəf döyüşü idi.. Odur ki, Azərbaycan öz haqlı mübarizəsində qılıncını ildırım kimi endirirdi.. Qarabağ isə, öz igidinə baxıb qürur duyurdu, fəxr edirdi.. İllərdir gözəlliyi itmiş, üzünə nur gəlməyə başlamış, ağaran saçları bir gecədə qaralmışdı.. Sanki Qarabağ illərə meydan oxuyurdu.. Çünki, Azərbaycanı onu xilas etməyə gəlirdi…
Göydən üç bomba düşdü…
Müəllif: Çinarə Seyran