- Sərxan Rüstəmov kimdir?
Rahat görünsə də, ən çətin sualdır.)) Mən kiməm? Arada özümüzdən soruşaq gərək. Mən, Sərxan Rüstəmov Qaxda anadan olmuşam, Bakıda yaşayıram, Bakı Dövlət Universitetində Tarix üzrə bakalavr və Jurnalistika üzrə magistr təhsili almışam. Hazırda ˝LIBRAFF˝mağazalar şəbəkəsinin PR mütəxəssisiyəm. Bu mənim rəsmi işimdir. Eyni zamanda video blogger kimi fəaliyyət göstərirəm. 2021-in fevral ayında yutub fəaliyyətimin 5 ili tamam olacaq. Kitabı, şahmatı sevirəm və təzə-təzə Go oynamağı öyrənirəm.
- Kitablarla bağlı videolara nə zaman başladınız və ilk reaksiyalar necə oldu?
Yuxarıdakı sualda qeyd etdiyim kimi 5 ili tamam olacaq, yəni 2016-cı ilin fevral ayında başladım. Bu arada oğlumun da 5 yaşı var. Onun dünyaya gəlməsindən 20 gün sonra başlamışam bu fəaliyyətə. İlk reaksiyalar yaxşı oldu, çünki sosial şəbəkələrdə ətrafıma həmişə dəyərli insanlar toplamağa çalışmışam. Keyfiyyətli iş ortaya qoymasam da ilk gündən məni dəstəkləyən, istiqamət verən dostlarım olub. İzlənmə sayı az olsa da, dəstək verən çoxdur. Bu işin faydalı və lazımlı iş olduğunu hər kəs qəbul edir. Mən də qəbul edirəm ki, ilk vaxtlar əlimdəki imkanlarla görürdüm bu işi, kamera, mikrofon istifadə etmədən, əlimdə olan telefon və ya tabletlə çəkirdim videoları. İndi də köhnə videolarıma baxanda özümü gülmək tutur. Bu 5 ildə başqalarını deyə bilmərəm, amma özüm çox faydalandım bu fəaliyyətimdən, kamera önündə danışıq tərzimə, rahatlığıma çox faydası oldu. İstənilən kitab və ya mövzu haqqında 5-10 dəqiqə hazırlaşmaqla video önünə keçib, hətta canlı yayım açıb sərbəst danışa bilmək bacarığı qazandım. İlk videoları hələ də silməmişəm ki, həm özüm, həm də izləyicilər aradakı fərqi görsünlər və bu işə kimsə başlayacaqsa, ˝hər şey yaxşı olsun, sonra başlayım˝ deyə düşünməsinlər. Əllərində olan imkanla başlayıb, zamanla çatışmazlıqları düzəltsinlər.
- Sizin əsas fəaliyyət “kitab oxuyan ata (valideyn)”üzərində qurulub sanki. Niyə məhz bu adla önə çıxmaq istədiniz?
Həm belə alınıb, həm də özüm belə alınmasını istəmişəm bəlkə də. Əvvəlki suala cavabımda da qeyd etdiyim kimi, sosial şəbəkələrdə kitabla bağlı aktiv fəaliyyətə başlamağım valideyn olduğum illə üst-üstə düşür. Həm də bizim cəmiyyətdə təəssüf ki, uşaqla, onun tərbiyəsilə daha çox ana məşğul olur. Təbii ki və təəssüf ki, bu bizim ailədə də belədir. Amma mən az da olsa, bunu dəyişməyə çalışmışam. Bir az yaşlı nəsillə söhbət edəndə, hətta gənclər arasında da uşağım, həyat yoldaşım deyəndə üzr istəmək kimi adət var. Hətta valideynlərimiz yaşda adamlar söhbət etdikdə sanki yaxşı şeymiş kimi, biz böyüklərin yanında uşaqlarımızı qucağımıza almaz, onları öpməzdik deyirlər. Niyə də, niyə? Guya o vaxtı bu abır-həya hesab edilirdi. Nə dində bir əsası var, nə də dünyada. Sadəcə adət və mənasız mentalitet… Ürəyim doludur e, bu mövzularda, video olsaydı, babat danışardım, yazaraq fikri çatdırmaq daha çətindir və xüsusi bacarıq tələb edir.
Biz sanki hələ də İbtidai icma quruluşunun instinktləriylə yaşamağa davam edirik. Ata gedir işə, yəni ov ovlamağa, ana evdə qalıb uşaqlara baxır və yemək bişirir, yəni ocağı qoruyur. 100 min illər ərzində necə olubsa, eyni formada. Uşağı təkcə böyütmək yox, həm də yetişdirmək lazımdır. Bu da tək ananın öhtəsindən gələ biləcəyi iş deyil. Uşağı 2 nəfər dünyaya gətirdiyi kimi, qayğısına qalmaq da hər iki valideynin öhdəliyidir. Kitab oxumağa gəldikdə isə onsuz da texnologiya əsrindəyik. Sosial şəbəkələr, texnoloji vasitələr, smartfonlar və s. nəinki övladlarımızın artıq bizim də həyatımızın bir parçası halına gəlib.
Mən yeni ata olduğum ərəfələrdə ˝SONY˝ şirkətinin qurucularından yaponiyalı Masaru İbukanın ˝Bağçada artıq gec olacaq˝ kitabını oxumuşdum. Bu kitab mənə çox təsir etdi və o kitabda qeyd edilirdi ki, uşağın inkişafında ilk 36 ay, yəni 3 il çox önəmlidir. Düşündüm ki, onsuz da bu uşaq böyüyəndə fərqli mühitdə, yeniliklərin içində olacaq. Heç olmasa ilk 3-4 yaşa qədər telefon və televizordan uzaq, kitaba yaxın olsun və yaxşı ki, bunu bacara bildik.
Çörçilə aid edilən bir söz var, ˝Uşağı tərbiyə edən evdəki kitabların cildləridir.˝ Yəni ki, uşağa kitab oxu, dərs oxu deməyə ehtiyac qalmasın deyə, o ətrafında, valideynlərinin əlində kitab görməlidir. Bu təcrübəmi də sosial şəbəkələr vasitəsilə bölüşürdüm ki, başqa dostlar da bunu görsünlər və məndən daha yaxşı tətbiq eləsinlər. Şükürlər olsun, gənc nəsil, gənc ailələr artıq üzr istəmədən, övladlarını qucaqlamağa, öpməyə, əzizləməyə, birgə foto çəkdirməyə başlayıblar.))
- Bir ara pandemiyadan əvvəl “Toya kitab” aksiyası ilə də gündəmə gəldiniz. Reaksiyalar birmənalı deyildi. Sizə mənfi reaksiyalar, mənfi təsir etdimi bu aksiyada? Pandemiyadan sonra toylar başlasa yenə davam edəcəksinizmi?
#toyakitabat yaxşı günlər idi (gülür). Əməlli sensasiya olmuşdu. Özəl və dövlət televiziyaları efirə dəvət etdi, saytlar, sosial şəbəkələr paylaşdı, müsahibələr aldı və s. Xeyli də söyən, ələ salan oldu. Əlbəttə ki, mən bunların hamısına öncədən hazırlıqlı idim, bütün mənfi reaksiyaları gözə almışdım. Bu mənfi reaksiyalardan qəti narahat olmadım, əksinə gülürdüm və daha da həvəslənirdim, demək ki, bunların ritualını poza, narahat edə bilmişdim. Özü də çox maraqlıdır, bəy və gəlindən çox toya dəxli olmayan adamlar narahat idilər. Onların hamısını bir adla ˝yengə˝ adlandırmaq olar. Bu Toya kitab at aksiyası təsadüf nəticəsində meydana gəlməmişdi, planlı və düşünülmüş şəkildə etmişdim bunu. Onsuz da həmişə dostlarıma, sevdiklərimə önəmli günlərdə və doğum tarixlərində kitab hədiyyə edirdim. Toylara isə içində toya yazdıracağım məbləğ olan kart hədiyyə edirdim. Hansı ki, bu kart vasitəsilə sadəcə kitab almaq mümkün idi. Bu hədiyyə ülvi məqsəd daşıyırdı. Onsuz da toydan yığılan pullar zurnaçıya və nağaraçıya xərclənir, amma mənim verdiyim hədiyyə kartı ilə gənc bir ailənin evində heç olmasa 5-10 kitablıq mini kitabxana yaranacaq və bu gənclər, onların övladları bir ömür boyu bundan faydalanacaqdılar. Hər dəfə kitabları görəndə toylarını yada salacaqlar.
- Zərərli kitablar varmı? Varsa bunlardan necə qorunmalı?
Mənə görə ən zərərli kitab, oxumadığımız kitabdır. Bunu daha öncə deyən olubmu bilmirəm, amma pis səslənmir)) Zərərli deməzdim, amma bizə heç nə öyrətməyən və ya az şey öyrədən kitablar ola bilər. Onu oxuyarıq, zamanımız gedər, amma bizə heç nə qatmaz. Ömür qısa, kitablar isə çoxdur. Buna görə də bu qısa həyatda lazımlı və bizə faydalı kitabları oxumalıyıq. Elə kitab ola bilər ki, o sənin üçün faydasızdır, amma başqası üçün faydalı. Biz bizə faydalı olanı tapmalıyıq. Əslində yutub kanalımı açmaqdakı məqsədlərimdən biri də bu idi. Həmçinin ˝BookMap˝ adlı səhifə də açmışdım. Kitab xəritəsi də demək olar. Əlimdən gəldiyi qədər oxuyub bəyəndiyim, tövsiyə edə biləcəyim kitabları kanalımda paylaşıram. Yəqin ki, artıq kanalımda 300-ə yaxın video var.
Zərərli qidalardan necə qorunuruqsa, o formada. Əlimizə keçən hər şeyi yemədiyimiz kimi, əlimizə düşən hər kitabı da oxumamalıyıq. Araşdırmalı, ˝dadını, duzunu yoxlamalı˝, sonra oxumalıyıq.
- Faydalı məsləhət bildiyiniz, hansı ki, “bunu hər kəs oxumalıdır” deyəcəyiniz kitablar hansılardır?
Əslində bu kitabların hamısını yutub kanalımda yerləşdirmişəm. Hər biri haqqında da 5-10 dəqiqəlik məlumat vermişəm. Konkret kitab siyahısı vermək nə dərəcədə doğrudur bilmirəm?! İndi ilk ağlıma gələn kitabları yaza bilərəm.
- Gary Chapman – Uşaqlar üçün 5 sevgi dili (Bu müəllifin böyüklər üçün, sadəcə ˝Beş sevgi dili˝adlı kitabı da var.)
- Uğurlu insanlar günə necə başlayır
- Lev Tolstoy – İnsanı yaşadan nədir?
- Doğan Cüceloğlu – Başarıya götüren aile (Valideynlər və pedaqoqlar üçün)
- Sun Tzu – Hərb sənəti
- Riçard Bax – Qağayı Conatan Livinqston
- Rod Cadkins – Yaradıcı düşünmə sənəti
- Andre Morua – Gənc qadına məktublar
- Stefan Svayq – Şahmat
- Dilqəm Əhmədin araşdırma kitabları
Siyahını kifayət qədər uzatmaq olar. Müsahibəni daha çox gənclərin oxuyacağını nəzərə alaraq bunları yazmağı düşündüm. Sıralama şərtidir.
Müsahibəyə görə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram!