Dünya şöhrətli yazıçı Den Broun son romanı olan “Başlanğıc”da süni intellektin yeni tanrı olacağını və kompüterlər vasitəsilə yeni bir dinin formalaşdırılacağını irəli sürüb. Bəs nədir bu süni intellekt?
Əsası keçən əsrin ortalarında qoyulan süni intellekt son zamanların ən çox investisiya qoyulan və maraq doğuran sahələrindəndir.
Süni intellekt – insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyət göstərən intellektual proqram yaratmağı özünə məqsəd götürüb. Eyni zamanda insan intellektinin araşdırılması kimi də başa düşülür.
Bu sahə insanın ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer tutur. Onun tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.
Yaranma tarixi
İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdı. E.ə. IV əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdu. 1275-ci ildə Roman Llull özünün “Ars Maqna” adlı məntiq aparatını ixtira etmişdi. İstifadəçi ora xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdı.
Süni intellekt haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın “Metod haqqında mühakimələr” və Tomas Qobbsun “İnsan təbiəti” əsərlərində öz əksini tapıb. 1943-cü ildə U.Mak Kallok və U.Pitts öz məqalələrində süni neyron sistemi anlayışını təklif ediblər. D.Xebb 1949-cu ildə “Davranış orqanizasiyası” əsərində neyronların öyrənilməsinin əsaslarını göstərdi. Bu fikirləri bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rosenblatt inkişaf etdirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu “Perceptron” adlandırdı.
Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti “maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb.
Süni intellektin üç növü məlumdur
Bunlar:
– Məhdudlaşdırılmış süni intellekt. Bu tip intellekt sizi, məsələn, şahmatda uda bilər. Amma ona “torpağı yemək olarmı?” sualını versəniz, cavab ala bilməzsiniz.
– Ümumi süni intellekt. Bu növ insan intellektinə maksimum yaxındır. O, məlumatları təhlil edir, digər maşınlarla ünsiyyətə girir, özünü təlimdən keçirir.
– Süni super intellekt. Bu intellekt növü o qədər inkişaf edib ki, insan intellektindən fərqlənir. Başqa sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini anlamaq üçün yetərincə inkişaf etmiş deyil.
İnsan intellektindən daha güclü bir intellektin yaradılması isə bu elmin əsas məqsədlərindəndir.
Bu gün bəşəriyyət süni intellektin birinci tipinin əsas prinsiplərini uğurla mənimsəyib. Artıq birinci çərçivədən kənara çıxmağa can atan şirkətlər var. Bir çoxları hesab edir ki, məhz “Google” ümumi süni intellekti dünyaya ilk dəfə təqdim edəcək. Bəs alimlər ümumi süni intellekti nəzarət altında saxlaya biləcəklərmi? Ümumi intellektin super intellektə qədər böyüməsini görə biləcəklərmi?
Süni intellektlər haqqında maraqlı faktlar da var:
– Süni intellektlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.
– 1997-ci ildə Deep Blue adlı kompüter məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib.
– Bir çox valideynlər robot ev heyvanlarına üstünlük verirlər. Jan-Lu Raulun fikrinə görə, 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanlarına ciddi rəqib olacaq.
– 2015-ci ildə yapon tədqiqatçıları bildiriblər ki, öz-özünü bərpa edən robot düzəldiblər. Belə ki, həmin robot iki ayağı belə olmayanda özünü bərpa edə bilir.
Görəsən həqiqətən də süni intellektlə təmin edilmiş robotlar insanları tam əvəz edə biləcəkmi?
E.Yudkovskinin məqalələrini oxuyan “Skype” proqramının yaradıcılarından Yaan Tallinn isə belə bir nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Bu isə bütövlükdə bəşəriyyəti böyük təhlükə altında qoya bilər. Belə ki, ultraağıllı süni intellektlər, təkamül-inkişaf nərdivanında bəşər övladının yerini tutacaq və biz qəfəsdə olan meymuna necə baxırıqsa, onlar, yəni süni intellekt də bizə o gözlə baxacaq. Ya da daha betəri olacaq: bütün insanların axırına çıxacaqlar.
Bəs hansı məqamda biz süni intellekt üzərində nəzarəti itirə bilərik? Süni intellekt öz qarşısına nə vaxt müstəqil şəkildə məqsədlər qoya biləcək? Bu məqsədlərin arasında bəşəriyyətin məhv edilməsi olacaqmı? Suallar çox, dəqiq cavablar isə yoxdur…
Den Broun “Başlanğıc” əsərində baş qəhrəman professor Lanqdonun dili ilə süni intellekt robotu Vinstona mənalı sual verir – “Sənin ümidlərin və xəyalların varmı?”
Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndə olacaq.
Xəyalə Muradlı