ABŞ-ın hegemoniyasına hədə təkcə Çin və Rusiya kimi ənənəvi rəqiblərdən deyil, o cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Azərbaycan və digər regional güclərdən gəlir. ABŞ-ın 2022-ci il tarixli Milli Təhlükəsizlik Strategiyasına əsasən Rusiya və Çin fərqli çağırışlar yaradır. Rusiya beynəlxalq nizamın əsas qanunlarını düşüncəsiz şəkildə pozaraq, azad və açıq beynəlxalq sistemə birbaşa təhlükə yaradır. Çin isə əksinə, birbaşa təhlükə olmasa da, beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətində olan və bunu həyata keçirmək üçün iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə rəqibdir. Sadə dillə desək, zaman ABŞ-ın xeyrinə işləmir: ABŞ-ın siyasi təsir gücü günü-gündən azaldığı halda, Çinin təsir gücü artmaqdadır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə əsrin sonuna dünyanın iki ən qüdrətli dövləti Çin və Hindistan olacaqdır. Onların gücü indikindən iki dəfə daha çox, ABŞ və Aİ-nın qüdrəti isə indikindən iki dəfə daha az olacaqdır. ABŞ baş qərargah rəisinin müavini C.Heyten ABŞ-ın son beş ildə 9, Çinin isə yüzlərlə hypersonic raket sınaqlarını keçirdiyini bildirib. Baş qərargah rəisi M.Milliyə görə Çin bu sınaqlarla ABŞ-ın raket əleyhinə hücum sistemlərindən yan keçmək istəyir. D.Tramp qüvvələr nisbətinin ABŞ-ın xeyrinə olduğu qədər Çinlə rəqabəti məqsədəuyğun sayıb, Pekinə ticarət müharibəsi elan etmişdi. Bu kurs C.Bayden tərəfindən davam etdirilməli idi. Lakin, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi prioritetlərə təsir göstərib, nəticədə diqqət və resursların böyük hissəsinin Rusiya əleyhinə yönəldilməsini aktuallaşdırdı. Rusiyanın əsas gəlir mənbəyi enerji resurslarının ixracı olduğundan Qərb, neft-qaz qiymətlərinin aşağı salınması siyasətini həyata keçirir. Vaşinqton İranla nüvə razılaşmasının bərpa olunmasına, Venesuella ilə sanksiyaların aradan qaldırılmasına, Qətər ilə enerji axınlarının Qərbə tərəf yünəldməsinə, Səudiyyə Ərəbistanı (SƏ) ilə neft hasilatının artırılmasına dair danışıqlar apardı. Bəzi hallarda danışıqlar uğurla yekunlaşdığı halda, digər hallarda Vaşinqton diplomatik fiaskoya uğradı. SƏ nəinki ABŞ-ın tələblərini qəbul etmədi, əksinə OPEC+ ölkələrinin neft hasilatının sutkada 2 mln. barrel azaldılmasına nail oldu. Bloomberg-in hesablamalarına görə bu qərar neft qiymətlərinin $100-dan yüksək olmasına və ABŞ-ın məcbur olaraq öz yataqlarından istifadə etməsinə gətirə çıxara bilər. Qeyd edək ki, Tramp SƏ ilə $110 mlrd. dəyərində silah razılaşmasına nail olsa da, Bayden bu sazişin icra edilməsinə mane oldu. Görünən odur ki, Bayden hakimiyyətə gəldikdən sonra ər-Riyad və Vaşinqton arasında münasibətlərdə gərginlik var. Birinci xarici səfərini ər-Riyada edən Tramp ölkədəki insan haqqları məsələsinə və SƏ-nin qonşu Yəməndə fəaliyyətinə müdaxilələr etmirdi. Bayden isə əksinə, hələ vitse-prezident olduğu vaxtda kral ailəsinin daxili və xarici siyasətini tənqid edirdi. Buna cavab olaraq ər-Riyad Moskva və Pekin ilə münasibətlərini inkişaf etdirdi. Çin son illərdə ABŞ-SƏ ikitərəfli ticarətini geridə qoyaraq ər-Riyadın ən böyük ticarət tərəfdaşına çevrildi. Çin şirkətləri SƏ-də meqalayihələr icra edirlər: 5G infrastrukturu və hərbi pilotsuz təyyarələrin hazırlanması. Çin həmçinin SƏ-na Baydenin vermədiyini − daxili siyasətə müdaxilə etmədən qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Pekin-ər-Riyad əlaqələri nə qədər inkişaf etsə də, Çin ABŞ-ı təhlükəsizlik məsələlərində əvəzləyə bilmir. SƏ-nin İranla, İraqla mövcud problemlərdə arxalandığı əsas qüvvə ABŞ-dır. Ümumiyyətlə, SƏ-nin ABŞ və Çinə münasibətdə yanaşmasını ölkənin o vaxtkı xarici işlər nazirinin Washington Post-a verdiyi müsahibəsindəki fikri ilə ifadə etmək olar. Nazir Səud əl-Feysələ görə, ABŞ-SƏ münasibətləri yalnız bir arvadın olmasına icazə verən “katolik nikahı” yox, dörd arvad almağa icazə verilən “müsəlman nikahı”dır. O vaxtlar olduğu kimi hazırda da SƏ ABŞ-dan boşanmaq yox, digər ölkələrlə evlənmək istəyir.